Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

21 mart – Beynəlxalq Meşələr Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların mühafizəsi və artırılması istiqamətində növbəti tədbir həyata keçirilib.

Babək rayonunun Nəzərabad kəndində terras üsulu ilə əkilmiş 4 hektar ərazidə meşəbərpa işləri aparılıb. Bununla yanaşı, Naxçıvan–Şahbuz avtomobil yolunun sol kənarındakı 5 hektar sahə də daxil olmaqla ümumilikdə 9 hektar ərazidə 1150 ədəd müxtəlif növ meşə və meyvə tinglərinin əkilməsi həyata keçirilib. Əkin zamanı ərazinin torpaq-iqlim şəraiti nəzərə alınaraq aylant, yulğun, iydə, göyrüş və armud tinglərindən istifadə olunub.

Eyni zamanda ərazilərdə aqrotexniki qulluq işləri də icra olunub. Bu çərçivədə quru budama, kol-kos təmizliyi, su maşınları vasitəsilə ağacların suvarılması, eləcə də zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülüb, ağacların dibi ağardılıb.

Nazirlik tərəfindən son illər ərzində meşəsalma və meşəbərpa tədbirləri genişləndirilib, yeni yaşıllıq sahələri salınıb, mövcud ərazilərdə isə bərpa və qulluq işləri sistemli şəkildə davam etdirilib. Bu istiqamətdə həyata keçirilən layihələr regionda biomüxtəlifliyin qorunmasına və yaşıllıq sahələrinin davamlı inkişafına xidmət edib.

Görülən işlərin bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi, yeni ərazilərdə meşəbərpa və ağacəkmə tədbirlərinin həyata keçirilməsi, eləcə də müasir suvarma sistemlərindən istifadə sahəsində işlərin aparılması nəzərdə tutulur.