Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“Ekoloji təhsil” layihəsi çərçivəsində məktəblilər ekoloji hüquqlar barədə maarifləndirilib

 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Ekoloji təhsil” layihəsi bu dəfə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə davam etdirilib.

Tədbirdə Nazirliyin əməkdaşları Əlövsət Hüseynquliyev və Elsanə Qurbanlı məktəblilərlə görüşərək ətraf mühitin qorunması barədə ətraflı məlumat veriblər.

Əlövsət Hüseynquliyev “Ekoloji hüquq” mövzusunda çıxış edərək, ekoloji hüququn əsas məqsədinin təbiəti qorumaq, təbii sərvətlərdən düzgün istifadəni təmin etmək və insanların sağlam mühitdə yaşamaq hüququnu müdafiə etmək olduğunu vurğulayıb. O, həmçinin tullantıların idarə olunması, meşələrin, heyvanların və bitkilərin mühafizəsi, torpağın və suyun qorunması kimi məsələlərin hər kəsin gündəlik həyatında diqqət mərkəzində olmasının vacibliyini şagirdlərin diqqətinə çatdırıb.

Daha sonra Elsanə Qurbanlı “Ekoloji problemlərin yaranma səbəbləri” mövzusunda çıxış edib. O bildirib ki, sənayeləşmə, meşələrin qırılması, avtomobillərin çoxalması, tullantıların düzgün idarə olunmaması, kimyəvi maddələrdən həddindən artıq istifadə, əhali artımı, su ehtiyatlarının israfı və iqlim dəyişikliyi bugünkü dünyanın əsas ekoloji problemlərindəndir. Elsanə Qurbanlı əlavə edib ki, bu problemlərin həlli üçün həm dövlət, həm də vətəndaş səviyyəsində davamlı tədbirlər görülür və hər kəs bu işə öz töhfəsini verməlidir.

Məktəblilər çıxışları maraqla dinləyib, onları düşündürən sualları ünvanlayıb və ətraflı cavablar alıblar.

🔎 Layihə çərçivəsində şagirdlər təbiəti qorumağın yolları barədə bilik əldə edir, ekoloji məsuliyyət hisslərini gücləndirir və gündəlik həyatlarında tətbiq edə biləcəkləri faydalı vərdişlər qazanırlar.