Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

"Ekoloji təhsil" layihəsi növbəti dəfə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ekoloji təhsil" layihəsi çərçivəsində növbəti tədbir Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyinin Dövlət ekoloji ekspertizanın təşkili şöbəsinin aparıcı mütəxəssisi Samir Hüseynzadə “İnsanın təbiətdə yeri, təbiət və insan” mövzusunda çıxış edib. O, insanın qədim dövrlərdən bəri təbiətlə qarşılıqlı əlaqədə olduğunu, zaman keçdikcə bu təsirin daha da artdığını qeyd edib. Bildirib ki, kənd təsərrüfatında intensiv istifadə, meşələrin qırılması, sənaye tullantıları və nəqliyyat vasitələrinin çoxalması ətraf mühitin çirklənməsinə, iqlim dəyişikliklərinin sürətlənməsinə səbəb olur. Vurğulayıb ki, təbiətdə baş verən mənfi dəyişikliklərin bir qismi insan fəaliyyəti ilə bağlıdır və ekoloji tarazlığın pozulması həm təbiətə, həm də insanın özünə zərər vurur. Bu baxımdan hər kəs təbiəti qorumağın vacibliyini dərk etməli, ətraf mühitin mühafizəsinə öz töhfəsini verməlidir.

Dərs müddətində şagirdlər mövzuya maraq göstərib, ekoloji problemlərlə bağlı əlavə suallar verərək onları maraqlandıran məqamlarla bağlı mütəxəssisdən ətraflı cavablar alıblar.

Qeyd edək ki, layihənin məqsədi məktəblilərdə ətraf mühitin mühafizəsinə dair bilik və bacarıqların artırılması, məsuliyyət hissinin formalaşdırılması və davamlı ekoloji fəaliyyətlərlə bağlı vərdişlərin aşılanmasıdır.