Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

"Ekoloji təhsil" layihəsi Şərur rayonu Maxta kəndində davam etdirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti tədbir Şərur rayon Maxta kənd tam orta məktəbində təşkil olunub.

Tədbirdə Nazirliyin əməkdaşı Mehdi Abdullayev “Ekoloji maarifləndirmə kampaniyalarının hazırlanması və tətbiqi, təhsil müəssisələrində ekoloji tədbirlərin təşkili” mövzusunda çıxış edərək, xüsusən də ekoloji təhsilin əhəmiyyətinə diqqət çəkib.

O bildirib ki, məktəblərdə keçirilən ekoloji tədbirlər şagirdlərdə təbiətə düzgün münasibətin formalaşmasına xidmət edir və gənc nəslin ətraf mühitin mühafizəsinə daha həssas yanaşmasına şərait yaradır. Hər bir təhsil müəssisəsində ağacəkmə aksiyalarına qoşulmaq, tullantıların düzgün idarə olunması, enerji və suya qənaət kimi vərdişlərin aşılanması ekoloji mədəniyyətin formalaşmasında mühüm rol oynayır.

Mehdi Abdullayev həmçinin vurğulayıb ki, müasir dövrdə ekoloji maarifləndirmə kampaniyalarının səmərəli olması üçün təbliğat işləri ənənəvi üsullarla yanaşı, sosial media və rəqəmsal platformalarda da geniş şəkildə aparılmalıdır. Bu, həm məktəblilər, həm də cəmiyyətin digər təbəqələri arasında ekoloji məsuliyyətin artmasına şərait yaradır.

Çıxışında o, ətraf mühitin qorunmasında hər kəsin üzərinə məsuliyyət düşdüyünü diqqətə çatdıraraq bildirib: “Təbiətdə baş verən mənfi dəyişikliklərin bir qismi insan fəaliyyəti ilə bağlıdır. Ekoloji tarazlığın pozulması həm təbiətə, həm də insanın özünə zərər vurur. Bu səbəbdən hər kəs təbiəti qorumağın vacibliyini dərk etməli, ətraf mühitin mühafizəsinə öz töhfəsini verməlidir.”

Daha sonra şagirdlər ekoloji layihələrlə maraqlanaraq, ətraf mühitin mühafizəsinə dair suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərdə ətraf mühitin mühafizəsinə dair bilik və bacarıqların artırılması, məsuliyyət hissinin formalaşdırılması və davamlı ekoloji fəaliyyətlərlə bağlı vərdişlərin aşılanmasıdır.