Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“Ekoloji təhsil” – məktəblilər ekoloji biliklərini artırır

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Şahbuz rayonunda keçirilib.

Görüşdə rayonun Ayrınc, Güney Qışlaq və Kükü kənd tam orta məktəblərinin şagirdləri Kükü kənd tam orta məktəbində bir araya gələrək ekoloji biliklərini artırıblar.

Nazirliyin əməkdaşları Elsanə Qurbanlı və Samir Hüseynzadə əvvəlcə şagirdlərlə söhbətlər apararaq layihənin məqsədi, təbiətə məsuliyyətli yanaşmanın vacibliyi, ətraf mühitin qorunmasında gənc nəslin rolu və ekoloji düşüncə tərzinin formalaşdırılmasının əhəmiyyəti barədə danışıblar.

Daha sonra Nazirliyin əməkdaşı Samir Hüseynzadə şagirdlərə ekoloji populyasiya anlayışı, onun canlılar aləmində rolu və ətraf mühitin sabitliyinin qorunmasındakı əhəmiyyəti barədə ətraflı məlumat verib.

Dərs zamanı məktəblilərə canlıların populyasiyalarda necə yaşadığı, təbiətdə tarazlığın necə qorunduğu və insan fəaliyyətinin bu proseslərə təsiri barədə maraqlı faktlar çatdırılıb. Şagirdlər ekosistemlərdə canlılar arasında qarşılıqlı əlaqələr barədə yeni biliklər qazanıblar, suallar verib müzakirələrdə fəal iştirak ediblər.

Xatırladaq ki, layihə çərçivəsində keçirilən bu cür dərslərin məqsədi şagirdlərdə ekoloji savadlılığı artırmaq, təbiətə qayğı və məsuliyyət hissini gücləndirməkdir.