Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvanda əməyin mühafizəsi üzrə strateji təlim: təhlükəsizlik mədəniyyətinə növbəti real töhfə
“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi ilə “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı əsasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeli qurumlarının əməkdaşları üçün Əməyin mühafizəsi mövzusunda məqsədyönlü təlim keçirilib.
Yanvarın 16-da təşkil olunan təlimdə nazirliyin və tabeli qurumların 49 əməkdaşı iştirak edib. Təlimin əsas hədəfi əmək təhlükəsizliyi sahəsində bilik və bacarıqların gücləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və sağlam iş mühitinin formalaşdırılması olub. Sessiya çərçivəsində çıxış edən “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov vurğulayıb ki, təhlükəsiz əmək şəraitinin yaradılması yalnız normativ sənədlərlə məhdudlaşmır, bu, hər bir əməkdaşın və rəhbər şəxsin birbaşa məsuliyyətidir. O qeyd edib ki, iş yerlərinin attestasiyasına uyğun risk qiymətləndirilməsinin düzgün aparılması potensial təhlükələrin vaxtında aşkarlanması və qarşısının alınması baxımından həlledici əhəmiyyət daşıyır.
Təlim zamanı Mərkəzin əməkdaşı Mahmud Rzalı isə əməyin mühafizəsi üzrə təlimatların praktik tətbiqi mövzusunda ətraflı çıxış edib. Bildirib ki, rəhbər şəxslər tabeliyində olan əməkdaşlar üçün təhlükəsizlik təlimatlarını müntəzəm və sistemli şəkildə həyata keçirməlidirlər. Onun sözlərinə görə, risk və təhlükələrin qabaqcadan müəyyən edilməsi sağlam, dayanıqlı və məhsuldar iş mühitinin əsas təminatıdır.
Qeyd edək ki, bu cür təlimlər dövlət qurumlarında təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, insan kapitalının qorunması və institusional dayanıqlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.