Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində maarifləndirici tədbir keçirilib


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “İnzibati Xətalar Məcəlləsi” və “İnzibati icraatın aparılması qaydaları” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin məqsədi əməkdaşların hüquqi biliklərinin artırılması, inzibati icraatın düzgün və vahid qaydada tətbiqinin təmin edilməsi olub.

Tədbiri giriş sözü ilə açan aparat rəhbəri Şövqi Əliyev Nazirliyin fəaliyyətində qanunvericiliyə riayət olunmasının, inzibati prosedurların şəffaf və obyektiv şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Azər Məmmədov inzibati icraatın aparılması, inzibati məsuliyyət tədbirlərinin tətbiqi, inzibati cərimələrin şərti olaraq tətbiqi və məcburi göstərişlərin verilməsi qaydaları barədə ətraflı məlumat verib, bu sahədə praktiki məqamları iştirakçıların diqqətinə çatdırıb.
Nazirliyin əməkdaşı Qəhrəman Qasımov isə inzibati xəta anlayışı, “İnzibati Xətalar Məcəlləsi”nin əsas müddəaları və Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun hüquqi tələblər barədə çıxış edib.

Sonda müfəttişlərin, sahə rəislərinin və digər əməkdaşların sualları cavablandırılıb, praktiki məsələlər müzakirə olunub və səsləndirilən təkliflər dinlənilib.