Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Yaz mövsümünə hazırlıq: yaşıllaşdırma sahələrində yeni suvarma xətləri çəkilir

Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2026-cı il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Sözügedən sənəddə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi, xüsusilə su ehtiyatlarından səmərəli və qənaətli istifadə olunması istiqamətində görüləcək tədbirlər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də diqqətdə saxlanılır. Bu çərçivədə yaşıllaşdırma sahələrində müasir və suya qənaət edən suvarma üsullarının tətbiqi, suvarma xətlərinin çəkilməsi və damcılı suvarma sistemlərinin qurulması istiqamətində işlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası ərazisində təbiətin mühafizəsi və meşə sahələrinin genişləndirilməsi məqsədilə yaz mövsümünə hazırlıq işlərinə başlanılıb. Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun sağ kənarında yerləşən 7,5 hektar sahədə damcılı suvarma sisteminin qurulması istiqamətində işlər aparılıb və suvarmanın daha səmərəli təşkili məqsədilə əraziyə 10 tonluq su çəni də yerləşdirilib,ərazidə 1200 ədəd əkin çalası qazılıb, sahə kol-kosdan təmizlənib, ağaclarda quru budama işləri aparılıb və zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülüb.

Qeyd edək ki, suvarma sistemlərinin çəkilməsi işləri davam edəcək. Növbəti günlərdə nəzərdə tutulan meşəbərpa tədbirləri çərçivəsində daha 4 hektar sahədə də suvarma xətlərinin yenilənməsi istiqamətində müvafiq işlərin görülməsi planlaşdırılır.